Psixoloji xidmət

Psixoloji xidmət işi dünya təcrübəsində artıq çoxdan tətbiq olunmaqla inkişaf etmiş ölkələrin təhsil sisteminin zəruri tərkib hissəsinə çevrilmişdir. BMT-nin uşaq hüquqları Konvensiyalarına qoşulan ölkələr uşaqların fiziki, intellektual, əxlaqi, mənəvi, sosial inkişafı üçün tələb olunan maksimum şəraitin yaradılmasına çalışırlar. Məlum olduğu kimi, təhsil sistemi yüksək əqli qabiliyyətə malik, milli, mənəvi-psixoloji dəyərlərin daşıyıcıları olan şəxsiyyətlər formalaşdrılmaqla cəmiyyət həyatının humanistləşdirilməsi və demokratikləşdirilməsinə xidmət edir. 

Azərbaycan Respublikasında da təhsil sistemində psixoloji xidmətin tətbiqi təhsil müəssisələrinin daha səmərəli fəaliyyətinin, təhsilalanların psixikasının hormonik inkişafının, təmin olunmasında, eləcə də baş verə biləcək ləngimə, yayınma və pozuntuların qarşısının alınmasında mühüm rol oynayır. Məktəb psixoloqu müəyyən keyfiyyətləri, bacarıqları və qabiliyyətləri inkişaf etdirmək texnologiyasına sahib olan və onları uşaqlarla bölüşəndir.

Şagirdlərin  fərdi xüsusiyyətlərini, psixi inkişafın qanunauyğunluqlarını, təlim-tərbiyə işinin daha səmərəli təşkilini təmin etmək, psixi sağlamlığın qorunması üçün səriştəli psixoloji xidmətin həyata keçirilməsini zəruri edir.

Təhsil  sisteminin, o cümlədən təhsilə psixoloji xidmətin qarşısında ciddi, mürəkkəb, eyni zamanda şərəfli bir vəzifə durur: ləyaqətli, rəqabətə qabil, müstəqil fikirləşməyi, qərarlar qəbul etməyi, ünsiyyət qurmağı bacaran vətəndaşlar formalaşdırmaq.

Liseyimizdə  psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılmasıdır.

  Müasir təhsil sistemində psixoloji xidmət praktik psixoloqun qarşısında aşağıdakı konkret və həlli vacib vəzifələri qoyur: 

  1. Uşaqların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların məktəb təlimi şəraitinə, məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün müəllimlərlə birlikdə fərdi iş proqramı tərtib etmək; 
  2. Uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq; uşaqların birinci sinfə daxil olması, ibtidai siniflərdən ümumi orta, sonra isə tam orta məktəbə daxil olması ilə əlaqədar təlimə hazırlığını müəyyənləşdirmək, müəllimlərlə və valideynlərlə birgə fərdi iş proqramı tərtib etmək;
  3. Təlimdə geridə qalan və mürəkkəb davranışlı uşaqlarla diaqnostika və korreksiya işlərini həyata keçirmək; 
  4. Şagirdlərin intellektual, şəxsiyyət və iradi-emosional sferasının diaqnostikasını həyata keçirmək, onların korreksiyasını aparmaq;
  5. Şagirdlərin müəllimlərlə şəxsiyyətlərarası münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq.
  6. Məktəb rəhbərlərinə, müəllimlərə və valideynlərə şagirdlərin təlimi, tərbiyəsi və inkişafının psixoloji problemləri, onların diqqətinin, hafizəsinin, təfəkkürünün, nitqinin, iradəsinin, emosional və intellektual aləminin xüsusiyyətləri haqqında məlumat vermək.