Məlumat

Lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindədir. Liseydə təlim Azərbaycan, rus, ingilis dillərində aparılır. Tədris planı dövlət ümumtəhsil məktəbinin tədris planları əsasında yaradılır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən liseydə təhsilin 4 pilləsi mövcuddur:

  1. Məktəbəqədər hazırlıq – 5 yaş;
  2. İbtidai təhsil – I-IV siniflər;
  3. Ümumi orta təhsil – V-VIII siniflər;
  4. Tam orta təhsil – IX-XI siniflər.

Məktəbəqədər və məktəb təhsil proqramlarında bağlılıq gözlənilir.

Şagirdlərin istedadının aşkara çıxarılması və onların inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə liseydə IX sinifdən başlayaraq təmayüllü siniflər yaradılır. Hər təmayül üzrə bir sinif açılır, əgər zərurət yaranarsa siniflərin sayı artırılır.

Lisey milli təhsil ənənələri ilə müasir təlim texnologiyalarını birləşdirir. İbtidai və yuxarı siniflərdə ingilis dili dövlət proqramından başqa Beynəlxalq proqram (Cambridge) əsasında tədris edilir.

Şagirdlərin istəyinə əsasən Azərbaycan və rus bölmələrinin X-XI siniflərində beynəlxalq səviyyəli TOEFL, İELTH, SAT, YÖS imtahanlarına hazırlıq saatları ayrılır.

Liseydə tədris həftənin 5 günü saat 9.00-17.30-a qədər tam mühafizə altında keçirilir.

Liseyin əsas üstünlüklərindən biri də ixtisaslı və işinin peşəkarı olan müəllimlərdən ibarət pedaqoji kollektivinin olmasıdır.

Liseyin astanasından içəri daxil olan hər bir şagird özünü rahat, doğma, güclü iş intizamı olan təhlükəsiz bir “evdə” hiss edir.

Dərslər direktorun təsdiq etdiyi cədvəllə müəyyən olunur, hər dərs 40 dəqiqə davam edir. Dərslərarası fasilələrlə şagirdlərin fəal istirahəti və qidalanması nəzərə alınır.

Günün II yarısında uşaqlar ev tapşırıqlarını yerinə yetirir, müxtəlif dərnəklərdə: rəqs, rəsm, şahmat, üzgüçülük, cüdo və s. iştirak edirlər. Tez-tez şəhərin müxtəlif yerlərinə tanışlıq ekskursiyaları təşkil olunur. 

Lisey daxilində müasir tələbata tam uyğun olan idman zalı, hovuz, yeməkxana, stadion, akt zalı mövcuddur. Uşaqların tərbiyəsi ilə pedaqoqlarla yanaşı, psixoloq da məşğul olur.

Şagirdlərlə sinifdənxaric tədbirlər, seminar və mühazirələr, məsləhət və sinif saatları, əlavə tədris xidmətləri, valideyn iclasları, açıq qapı günləri, fakultativ dərnək və klubların işi təşkil olunur.

Bir tədris mərkəzi olaraq vəzifəmizin azərbaycançılıq ideyalarını özündə birləşdirən, hərtərəfli inkişaf etmiş, hər yerdə müxtəlif dillərdə özünü ifadə edə biləcək bir nəslin yetişdirilməsindən ibarət olduğunu bilirik. 

Azerbaijani AZ English EN Russian RU